×
A
A
A
Sazlamalar

Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atır

Biləsuvar, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Erkən nikahın fəsadları - natamam gələcək” adlı konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova erkən nikahın fəsadlarından ətraflı danışıb. Bildirib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də erkən nikah məsələsi və onun cəmiyyətdə yaratdığı fəsadlar dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurması onların təhsilinə, bir fərd kimi inkişafına maneə yaratmaqla yanaşı, psixoloji durumlarına da mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Konfransda digər çıxış edənlər hazırkı dövr üçün aktual mövzu olan erkən, qeyri-rəsmi və qohumlar arasında nikah hallarına qarşı aparılan maarifləndirmə tədbirlərindən söz açıb, Biləsuvarda bu istiqamətdə görülən işləri diqqətə çatdırıblar. Bildirilib ki, erkən, qeyri-rəsmi və qohumlar arasında nikah hallarına qarşı rayonda kütləviliyin və səmərəliliyin artırılması üçün maarifləndirici görüşlər keçirilir, onun törətdiyi fəsadlar çatdırılır, müvafiq tədbirlər icra olunur. Vurğulanıb ki, bu cür halların qarşısının alınmasında valideynlərin də üzərinə böyük məsuliyyət düşür.

Regionlar 2022-12-06 18:36:00