×
A
A
A
Sazlamalar

Oğuz ziyalısı: Yeni açılan körpələr evi ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir

Oğuz, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.
Rayon ziyalısı, Oğuz Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Rəşid Nurməmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ölkəmizdə təhsil sahəsinə, o cümlədən məktəbəqədər təhsilə yüksək dövlət qayğısının göstərildiyini bildirib. Təhsil işçisi deyib: “Məktəbəqədər təhsil bütün təhsil sisteminin bünövrəsidir. Məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur, uşaqların potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq, eləcə də həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək şəkildə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti, Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Ölkəmizdə məktəbəqədər təhsil müəssisələri yenidən qurulur, müasir tələblərə uyğun yeni bağçaların inşası davam etdirilir. Hazırda Oğuz rayonunda 935 nəfər məktəbəqədər yaşlı uşağı əhatə edən 18 bağça fəaliyyət göstərir. Son illər Oğuz şəhərində 115 yerlik yeni bağça binası istifadəyə verilib, iki uşaq bağçası əsaslı təmir olunub”.
R.Nurməmmədov vurğulayıb ki, Oğuz şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu günlərdə istifadəyə verilən yeni məktəbəqədər təhsil müəssisəsi Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara olan sonsuz diqqət və qayğısının bariz nümunəsidir.
İkimərtəbəli körpələr evi-uşaq bağçasının azyaşlı sakinlərin zövqünə uyğun qurulduğunu vurğulayan rayon Təhsil Sektorunun nümayəndəsi deyib: “Bağçanın otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Geniş yeməkxana, gimnastika otağı, musiqi zalı, məşğələ otaqları uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Bağçanın ərazisində və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif gül kolları, ağaclar əkilib. Bir sözlə, burada uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafının, eləcə də sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətinin üzə çıxarılması, sağlamlığının qorunması, estetik tərbiyəsi, təbiətə və insanlara həssas münasibətinin formalaşması üçün hər cür şərait yaradılıb”.

Regionlar 2022-12-06 16:55:00