×
A
A
A
Sazlamalar

“Mərmər soyuğu” XVI Avrasiya Film Festivalında

Bakı, 6 dekabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, festival dekabrın 12-dən 18-dək Qazaxıstanın Almata şəhərində keçiriləcək. Proqramda ümumilikdə 15 film iştirak edir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Ekran əsərində əsas rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
“Mərmər soyuğu” eyni zamanda Estoniyanın Tallin şəhərində 26-cı PÖFF - Tallinn Black Nights Film Festivalı çərçivəsində dünya premyerasını edərək, "Ən yaxşı aktyor" (Qurban İsmayılov) mükafatına layiq görülüb.
Qeyd edək ki, film həmçinin nüfuzlu kinofestivallardan hesab edilən, Hindistanın Qoa əyalətində keçirilən IFFI Goa - 53-cü Hindistan Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında da iştirak edib.
Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Mədəniyyət 2022-12-06 15:12:00