×
A
A
A
Sazlamalar

Bakı Kitab Mərkəzində ən çox oxunan azərbaycanlı müəlliflər kimlərdir?

Bakı, 6 dekabr, Məmməd Məmmədli, AZƏRTAC

Kitabsevərlərin ən çox üz tutuğu məkanlardan biri də Bakı Kitab Mərkəzidir. Oxucular buradan nəinki kitab alır, həm də sakit bir küncə çəkilərək özlərilə gətirdikləri kitabları mütaliə edirlər. Bəs, oxucular bu il daha çox hansı müəlliflərin əsərlərinə maraq göstəriblər?
AZƏRTAC-ın müxbiri bu suala cavab almaq məqsədilə Bakı Kitab Mərkəzində olub və 2022-ci ildə ən çox oxunan yerli bestsellerin siyahısı ilə maraqlanıb.
Məlum olub ki, ən çox oxunan əsərlərdən biri detektiv romanlar müəllifi Elxan Elatlının milli ruhda yazdığı “Susan qadın” romanıdır. Hadisələr Əsmər adlı qadının qətli ilə bağlı düyünün açılması ətrafında cərəyan edir...
Digər əsərlərdən biri də Ülviyyə Tahirin “Aljir” tarixi romanıdır. Əsər 1937-1938-ci illərdə Sovet ölkələrindən Qazaxıstanın Akmol düşərgəsinə sürgün olunan 18 mindən çox qadının başına gətirilən dəhşətlərdən bəhs edir. Bu qadınlardan 44-ü azərbaycanlı idi. Onların arasında Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və digər tanınmış Azərbaycanın maarifpərvər ziyalı qadınları vardır.
Çingiz Abdullayevin “Autsayder üçün pyedestal” romanındakı əməliyyat xəfiyyə Dronqonun karyerasında ən qeyri-adi işlərdən biri olur. Növbəti dəfə xəfiyyə Dronqoya İsveçrədən müraciət gəlir. Bir qadın keçmiş əri, məşhur oliqarx İlya Smıkalovun təhlükəsizliyini təmin etmək xahişilə ona müraciət edir. Əvvəlcə cangüdən olmadığını əsas gətirərək bu təkliflə razılaşmayan Dronqo qısa zamanda fikrini dəyişir. Xəfiyyənin əldə etdiyi məlumat nəticəsində oliqarxın işi bir anın içində “sıradan”lar kateqoriyasından “nadir”lərə keçir. Cinayətin üstünün açılması Dronqonu gözlənilməz və paradoksal nəticələrə gətirib çıxarır.
Yerli bestsellerlər arasında, həmçinin “Əli və Nino” (Qurban Səid), “Qafqaz günləri” (Banin), “Koramal” (Rövşən Abdullaoğlu), “Мне тебя обещали” (Elçin Səfərli), “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” (Manaf Süleymanov), “İblis” (Hüseyn Cavid), “Təhminə və Zaur” (Anar) əsərlərinin də adları çəkilir.

Mədəniyyət 2022-12-06 14:21:00