×
A
A
A
Sazlamalar

Hulusi Akar: İsveç və Finlandiya NATO üzvlüyü üçün öhdəliklərini yerinə yetirməyib

Bakı, 6 dekabr, AZƏRTAC

Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını yalnız həmin ölkələrin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra ratifikasiya edəcək, lakin bu hələ baş verməyib.
AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarına cavab verərkən deyib.
"İsveç və Finlandiya imzaladıqları öhdəlikləri yerinə yetirməlidir. Bundan sonra Türkiyə parlamenti də öz öhdəliklərini yerinə yetirəcək. Biz İsveç və Finlandiyadakı vəziyyəti diqqətlə izləyirik. Təəssüf hissi ilə qeyd edirik ki, bu ölkələrdə təxribat xarakterli fəaliyyətlər hələ də davam edir. Biz həm İsveçdən, həm də Finlandiyadan konkret addımlar gözləyirik”, - deyə Hulusi Akar vurğulayıb.
Dekabrın 5-də Finlandiya hökuməti NATO-ya üzvlüklə bağlı qanun layihəsini ölkə parlamentinə təqdim edib. İyulun əvvəlində isə Finlandiya və İsveçin xarici işlər nazirləri, eləcə də Şimali Atlantika Alyansına üzv olan 30 ölkənin səfirləri blokun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə hər iki dövlətin NATO-ya qəbulu ilə bağlı protokol imzalayıb. Sənədlər alyansın bütün ölkələri tərəfindən ratifikasiya edildikdən sonra Helsinki və Stokholm NATO-ya daxil ola biləcək.
Hazırda alyansın 30 üzvündən yalnız ikisi - Macarıstan və Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması barədə protokolu ratifikasiya etməyib. Ankara bunun müqabilində Stokholm və Helsinkidən Türkiyəyə qarşı terror fəaliyyətində iştirak edən kürd fəalların, həmçinin 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edib. Onların arasında əvvəllər NATO-nun beynəlxalq strukturlarında çalışan, lakin sonradan Finlandiya və İsveçdən sığınacaq alan sabiq türk hərbçiləri də var.

Dünya 2022-12-06 13:00:00