×
A
A
A
Sazlamalar

Xorvatiyanın irimiqyaslı turnirlərdə son 8 pley-off matçından 7-də əlavə vaxt oynanılıb

Bakı, 5 dekabr, AZƏRTAC

Futbol üzrə Xorvatiya millisinin irimiqyaslı turnirlərdə (Avropa və dünya çempionatları) son 8 pley-off matçından 7-də əlavə vaxt oynanılıb.
AZƏRTAC xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Yaponiya millisi ilə oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da qol vurulmadığı üçün penalti seriyasında 3:1 hesabı ilə qələbə qazanan Xorvatiya millisi mərhələ adlayıb.
Xorvatiya yığmasının “Avro-2008”də Türkiyə ilə dörddəbir, “Avro-2016”da Portuqaliya ilə səkkizdəbir, 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatında Danimarka ilə səkkizdəbir, Rusiya ilə dörddəbir, İngiltərə ilə yarımfinal, “Avro-2020”də İspaniya ilə səkkizdəbir, cari dünya çempionatında isə Yaponiya ilə səkkizdəbir final matçında əlavə vaxt oynanılıb. Yalnız 2018-ci il mundialında Fransa ilə final oyununda əlavə vaxta ehtiyac duyulmayıb. Xorvatiya millisi 2:4 hesabı ilə uduzub.
Xorvatiya millisi dörddəbir finalda Braziliya – Koreya Respublikası matçının qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.

İdman 2022-12-05 23:53:00