×
A
A
A
Sazlamalar

Azərbaycan kinematoqrafiyası haqqında “Ulduzlar sönmür” sərgisi

Bakı, 5 dekabr, AZƏRTAC

Bakıdakı Rus Evində iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş Rusiya-Azərbaycan mədəniyyət xadimlərinin dialoqu və sərgi tədbirləri çərçivəsində Rusiya Dövlət Mərkəzi Kino Muzeyinin “Ulduzlar sönmür” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan kinematoqrafiyasının təşəkkülündən sovet dönəminin sonuna qədər olan dövrə həsr edilib. Sərginin adı XX əsrin ikinci yarısında Azərbaycanın məşhur filmlərindən birinin - rejissor Əjdər İbrahimovun “Ulduzlar sönmür” filminin adından götürülüb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci sədri Nəriman Nərimanovun həyat və fəaliyyəti haqqında bioqrafik film bizi ötən yüzilliyin əvvəllərinə - mürəkkəb, tarixi sarsıntılarla dolu, dünyaya ən maraqlı milli kinematoqrafiyalardan birini bəxş edən dövrə aparır.
Dövlət Mərkəzi Kino Muzeyinin sərgidə geniş təmsil olunan kolleksiyası faktiki olaraq, Azərbaycan kinematoqrafiyasının təşəkkülünün bütün mərhələlərini əks etdirir. Muzeyin fondunda əsl nadir eksponatlar var. Məsələn, “Azərkino”da çəkilən, sovet avanqardçılarının cavan nəslinin nümayəndəsi İqor Savçenkonun “Nikita İvanoviç və sosializm” (1931) və “Əlsiz insanlar” (1932) kimi qorunub saxlanmamış filmlərə dair materiallar mövcuddur. Kino Muzeyində qorunub saxlanılan kino hissələrindən və kadrlardan ibarət kolleksiya bu itirilmiş filmlərə aid yeganə materiallardır.
Muzeyin təsviri materiallar fondunda Əjdər İbrahimovun “26 Bakı komissarları” (1965) və “Ulduzlar sönmür” (1970) filmlərində vətəndaş müharibəsi mövzusuna dair eskizlər var.
Görkəmli quruluşçu rəssam Fikrət Bağırov tərəfindən yerinə yetirilən eskizlər ayrıca diqqətə layiqdir. Bu eskizlər Şamil Mahmudbəyovun İkinci Dünya müharibəsi illərində Vaqif adlı bakılı oğlanın iztirablarından bəhs edən “Şərikli çörək” filminə, “mənəvi narahatlıq barədə kino” kateqoriyasına aid edilən “İstintaq” və rejissor Rasim Ocaqovun tərbiyəvi mahiyyət daşıyan “Bağlı qapı arxasında”, eləcə də Fərhad Yusufovun “Aşkarsızlıq şəraitində” detektiv filminə aiddir. Adıçəkilən filmlər 1970-80-ci illərdə - intellektual axtarış və mübahisələrlə dolu dövrdə yaradılıb.

 

Mədəniyyət 2022-12-05 18:40:00