×
A
A
A
Sazlamalar

Mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının perspektivləri müzakirə olunub

Bakı, 5 dekabr, AZƏRTAC

Bakıdakı Rus Evində Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Rusiyanın muzey, kitabxana və teatrlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi Pavel Kuznetsov Azərbaycanla Rusiya arasında uzun illərdir davam edən mədəni əlaqələrdən danışıb. Bu il ölkələrimiz arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə toxunan P.Kuznetsov bunun ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini qeyd edib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin tarixindən danışıb, Milli Kitabxananın Rusiyanın bir çox aparıcı kitabxanaları, xüsusən də Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Prezident Kitabxanası, Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini, məlumat və təcrübə mübadiləsi apardığını vurğulayıb. O qeyd edib ki, Milli Kitabxana dünyanın 60 ölkəsi ilə beynəlxalq kitab mübadiləsi aparır, kitabxananın beynəlxalq əməkdaşlıq zalında müxtəlif ölkələrin ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair nəşrlər və bir çox başqa kitablar təqdim olunub.
K.Tairov bu il ölkəmizdə keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisindən, Milli Kitabxananın sərgi çərçivəsində keçirdiyi tədbirlərdən danışıb. O, gələn il Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin qeyd olunacağını və yubiley çərçivəsində Bakıda Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclasının keçiriləcəyini bildirib.
Tədbir çərçivəsində “Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq. 30 illik uğurlu əməkdaşlıq” mövzusunda plenar iclas və kino sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa keçirilib. Plenar iclas zamanı qarşıdakı illər üçün mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mədəniyyət 2022-12-05 18:49:00