×
A
A
A
Sazlamalar

FHN: Qəbələ rayonunda itkin düşmüş şəxsin axtarışları davam edir

Bakı, 5 dekabr, AZƏRTAC

Noyabrın 30-da 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında nazirliyin şimal-qərb regional mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, nazirliyin qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.

Hadisə 2022-12-05 12:32:00