×
A
A
A
Sazlamalar

Saməddin Əsədov: Beynəlxalq Astronavtika Konqresinə hazırlığın icrası prosesindəyik

Bakı, 5 dekabr, AZƏRTAC

Gələn il oktyabrın əvvəlində Azərbaycan Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu baxımdan bu həftə Beynəlxalq Astronavtika Federasiyasının rəhbərliyi ölkəmizə səfər edir və Azərbaycan dövlətinin gələn il keçiriləcək konqresə hazırlıq işləri ilə tanış olmaq məqsədilə müzakirələr aparılacaq. Gələn il baş tutacaq konqres əcnəbilərin idman tədbirlərindən sonra ölkəmizə etdiyi ən çox səfər kimi yadda qalacaq. Bu baxımdan, belə bir konqresə hazırlıq bütün dövlət qurumlarının birgə, planlı və koordinasiyalı şəkildə işini əhəmiyyətli edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov söyləyib.
"Bu ilin əvvəlində Prezident İlham Əliyevin Sərəncamı ilə Baş nazirin rəhbərliyi ilə Xüsusi Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin göstərişləri və rəhbərliyi ilə dövlət qurumları bu konqresə hazırlığı yüksək səviyyədə aparırlar. Artıq planlama prosesi yekunlaşıb və biz konqresə hazırlığın icra hissəsindəyik. Bu gün isə ADA Universitetində Federasiyanın, ölkəmizin təhsil müəssisələrinin və Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə görüş təşkil etmişik. Bu görüşün məqsədi ölkəmizin ali təhsil müəssisələrinin konqreslə bağlı məlumatlılığının artırılması və o cümlədən əməkdaşlıq imkanlarının müzakirəsidir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
O bildirib ki, konqres dünyada beynəlxalq səviyyədə elmi cəmiyyətin keçirdiyi ən böyük konqreslərdən hesab olunur. Belə ki, bu konqresdə iştirak elm insanlarına, təhsil müəssisələrinin tələbə və müəllim heyətinə dünyanın kosmos sahəsinin ən güclü ekspertləri ilə tanışlıq və əməkdaşlıq imkanı yaradacaq, ölkəmizin gələcəkdə elm, texnologiya, innovasiya, kosmos sahələrində inkişaf perspektivlərini müzakirə etməyə imkan verəcək ki, bu da onlara gələcəkdə elmi işlərinin hazırlanmasında köməklik göstərəcək.

İKT 2022-12-05 10:53:00