×
A
A
A
Sazlamalar

Şuşanın “270-ci səhifə”si

Bakı, 3 dekabr, AZƏRTAC

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin “Erməni işğalı nəticəsində Şuşanın maddi-mənəvi irsinin talanması və təhsil ocaqlarının dağıdılması” layihəsi bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunan xüsusi müsabiqəsinin qalibi olub. “270-ci səhifə” adlı sənədli film bu layihə çərçivəsində hazırlanıb. Əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan sənədli filmdə Şuşada işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır.
AZƏRTAC xəbər verir ki, bu sözlər “Şuşa İli”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filmin təqdimatında deyilib.
Təqdimat mərasimində Şuşa uğrunda gedən döyüşlərdə fərqlənən Vətən müharibəsi iştirakçıları, ictimai xadimlər, deputatlar və media nümayəndələri iştirak ediblər.
Filmin ssenari müəllifi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirdə film barədə məlumat verib.
O vurğulayıb ki, ekran əsərində Şuşanın yarandığı gündən bu günə qədər olan tarix göstərilir: “Şuşanı dünyada məşhur edən yaradıcı insanlar, ictimai xadimlər haqqında ətraflı məlumat verilir. Filmdə Şuşanın üzləşdiyi ağır dövrlərə də ekskursiya edilir. Şuşa şəhərinin yaradıcıları azərbaycanlılar olub. Məqsədimiz Şuşa haqqında həm yerli, həm də xarici auditoriyaya doğru və dolğun məlumatları çatdırmaqdır. Filmin adı Qarabağımızın mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq “270-ci səhifə“ adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir”.
Bildirilib ki, filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs olunur.
Daha sonra çıxış edən filmin aparıcısı, araşdırmaçı Müsəllim Həsənov qeyd edib ki, bu filmdə Şuşanın keçdiyi yol haqqında ətraflı məlumat verilir. Güman edirəm ki, film hamının xoşuna gələcək”.
Təqdimatdan sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşa ilə bağlı belə bir filmin çəkilməsini yüksək qiymətləndirib.
Sonra film təqdim olunub.
Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.

Mədəniyyət 2022-12-03 14:04:00