×
A
A
A
Sazlamalar

Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat davam edir

Bakı, 3 dekabr, AZƏRTAC

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak üçün qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanların dekabrın 18-də keçirilməsi nəzərdə tutulur. İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
İnzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat dekabrın 6-sı saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə dekabrın 18-i saat 10:00-da, BB qrupu üzrə isə saat 11:00-da keçiriləcək.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə dekabrın 6-sı saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə dekabrın 15-i saat 11:00-dək həyata keçiriləcək.

 

 

Elm və təhsil 2022-12-03 12:13:00