×
A
A
A
Sazlamalar

“Şuşanın incisi”nə həsr olunmuş ədəbi-bədii gecə

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mədəniyyət evi və Malıbəyli kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Şağan qəsəbə Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Şuşanın incisi” adlı ədəbi-bədii gecə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Xurşidbanu Natəvanın ədəbiyyat və mədəniyyətimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən, parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmasından danışıblar.
Sonra mərkəzin foyesində Şuşa Dövlət Rəsm Qalereyasının peşəkar rəssamı Rövşən Bayramovun əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş olunan rəsmlər haqqında qalereyanın müdiri Anar Cəbizadə ətraflı məlumat verib.
Tədbirin bədii hissəsində Natəvanın yaratdığı “Məclisi üns” şairlər məclisinin səhnəciyi təqdim olunub. Həmçinin Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin “Şuşanın dağları” xalq çalğı alətləri ansamblının müşayiəti ilə istedadlı xanəndələr və Şağan qəsəbə Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivinin üzvləri öz ifaları ilə tədbir iştirakçılarına xoş əhval bəxş ediblər.
Sonda isə “Salam Şuşa” şeiri səsləndirilib.

Mədəniyyət 2022-12-03 11:04:00