×
A
A
A
Sazlamalar

Yaponiya qəzeti: Azərbaycan ilə rezonans doğuran dostluq

Tokio, 3 dekabr, AZƏRTAC

Yaponiyanın “Chunichi” qəzeti Şika şəhərinin meri Masaru Kuziminin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan ilə rezonans doğuran dostluq“ başlıqlı məqalədə tərkibində “Şhika Tenyu Taiko” taykoçalanlar qrupunun da olduğu 13 nəfərlik nümayəndə heyətinin noyabrın 25-dən beş gün müddətinə Azərbaycan səfərindən danışılır. Bildirilir ki, səfər iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar təşkil olunub.
Qeyd edilir ki, Bakının Xətai rayonu ilə qardaşlaşma müqaviləsinə malik Şika şəhəri, həm də ötən il Tokioda keçirilən Olimpiya və Paralimpiya Oyunları zamanı Azərbaycan idmançılarının təlim-məşq bazası rolunu oynayıb. Azərbaycan güləşçiləri və üzgüçüləri məhz bu şəhərdə yerləşən idman obyektlərində yarışlara hazırlaşıblar. İdmançılarla dostluq münasibətləri yaradan şəhər sakinləri Olimpiya Oyunlardan sonra da onlarla əlaqə saxlayırlar.
Məqalədə Azərbaycana səfər edən yapon qonaqların Olimpiya Komitəsini, Xətai rayonundakı orta məktəbi, hərəkət imkanları məhdud insanları dəstəkləyən mərkəzi ziyarət etdikləri və azərbaycanlı paralimpiyaçı üzgüçülərlə görüşdükləri də əksini tapıb.
Bildirilib ki, “Shika Tenyu Taiko” qrupu səfər zamanı dörd yerdə azərbaycanlı tamaşaçılar qarşısında çıxış edib, yerli uşaqların milli geyimdə və kimanoda çıxışlarını izləyib. Bu tədbirlər iki şəhər sakinləri arasında əsil mədəniyyət mübadiləsinə çevrilib.
Şəhər təhsil şöbəsinin nümayəndəsi Hideyaki Oyinin sözlərini sitat gətirən qəzet yazıb: “Səfər zamanı Azərbaycan xalqının böyük qonaqpərvərliyi ilə qarşılaşdıq. Yaponiyadan fərqli aspektlərin əksini tapdığı bu səfər həqiqətən də çox möhtəşəm idi”.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Mədəniyyət 2022-12-03 11:02:00