×
A
A
A
Sazlamalar

UNEC-in treninq keçmiş tələbələri Hesablama Palatasında iş ilə təmin ediləcəklər

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Dövlət İqtisadi Universitetinin (UNEC) Palatada treninqlər keçmək hüququ qazanmış tələbələri ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a verilən məlumata görə, rektor Ədalət Muradov görüş iştirakçılarının diqqətinə çatdırıb ki, məzunların iş ilə təmin edilməsi ali məktəbin əsas keyfiyyət göstəricilərindən biridir. O qeyd edib ki, əməyin qiymətləndirilməsində əməkhaqqı səviyyəsi mühüm rol oynayır. Sürətlə dəyişməkdə olan dünyada tələbələrə yumşaq və sərt vərdişlər aşılamağın əhəmiyyətindən söhbət açan rektor qeyd edib ki, UNEC-də bu istiqamətdə fənlər tədris edilir.
Ədalət Muradov vurğulayıb ki, işəgötürənlərin işçilər tapmaq üçün UNEC-ə müraciət etməsi ilk addımdır. Bu təşəbbüsə görə qürur keçirdiyini qeyd edən rektor əmin olduğunu bildirib ki, “Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə yüksək göstəricilərə nail olmuş 42 tələbənin Hesablama Palatasında treninqlər və təcrübə keçməsi hər iki tərəf üçün faydalı olacaq.
Özü də UNEC-in məzunu olan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, ölkənin aparıcı universitetlərindən biri olan UNEC-də ali təhsilin keyfiyyət göstəriciləri ən yüksək səviyyədədir. Palatanın sədri işəgötürənlər tərəfindən məzunların bilik və qabiliyyətlərinə təqdim edilən tələblər haqqında söhbət açaraq vurğulayıb ki, ölkəmizdə maliyyə uçotu və audit sahəsində peşəkar mütəxəssislər azdır.
UNEC ilə Hesablama Palatası arasında imzalanmış Memorandum çərçivəsində dövlət auditi sahəsində peşəkar kadrların hazırlanması məqsədilə 12 proqram üzrə treninqlərə start verildiyini bildirən Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, treninqləri uğurla başa çatdıran UNEC tələbələri Hesablama Palatasında iş ilə təmin ediləcəklər.
Sonra Hesablama Palatasının nümayəndələri bu qurumun fəaliyyəti barədə təqdimatla çıxış ediblər.

 

Elm və təhsil 2022-12-03 15:56:00