×
A
A
A
Sazlamalar

Yasamalda mənzildə partlayıcı-sursat aşkarlanıb

Bakı, 3 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonunda mənzillərin birində partlayıcı-sursat olması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatında bildirilib.
Qeyd olunub ki, bununla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu və polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu tərəfindən Yasamal rayon sakininin kirayə yaşadığı mənzilə baxış zamanı aşkarlanmış sursatın bir döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyənləşdirilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri sursatın zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırıblar.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.

 

 

Hadisə 2022-12-03 10:01:00