×
A
A
A
Sazlamalar

Milli Assambleyanın qətnaməsi Fransanın Cənubi Qafqazla bağlı siyasətinə zərbədir

Bakı, 1 dekabr, AZƏRTAC

Fransa Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə onun ermənipərəstliyini və erməni xislətini bir daha sübut edir. Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Fransa Milli Assambleyası bu qətnaməni qəbul edərək, onların mövcudluğunu maliyyələşdirən erməni lobbisinin maraqlarını güddüyünü bir daha isbatlamış oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov bildirib ki, Fransa Milli Assambleyası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susub. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli, ədalətsiz addımdır. Fransa Senatı hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən qısa müddət sonra “Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” qətnamə qəbul etmişdi. Bu qərəzli yanaşma bu gün də davam etdirilir.
“Fransa Milli Assambleyasının qəbul etdiyi “Azərbaycanın Ermənistana qarşı təcavüzünə son qoyulması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə” dair qətnamədə tamamilə əsassız, qeyri-obyektiv və ermənipərəst mülahizələr yer alıb. Senatın və Milli Assambleyanın qəbul etdiyi sənədlər, ilk növbədə, Fransanın öz milli maraqlarına, o cümlədən Cənubi Qafqazla bağlı siyasətinə vurulan zərbədir. Azərbaycana qarşı irəli sürülən ittihamlar isə heç bir konkret fakta, beynəlxalq hüquqi sənədlərə əsaslanmır. Azərbaycan Milli Məclisi Fransa Senatının qəbul etdiyi məlum qətnamə ilə bağlı bəyanat yaymışdı. Qəbul edilimiş bəyanatda ölkəmizin, Azərbaycan parlamentinin mövqeyi də aydın şəkildə öz əksini tapıb”, - deyə deputat qeyd edib.
Anar Məmmədov vurğulayıb ki, bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Buna görə də Fransa hökuməti belə təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməlidir.

Siyasət 2022-12-02 14:14:00