×
A
A
A
Sazlamalar

Bakı Limanının inkişafı üçün yeni layihəyə başlanılıb

Bakı, 2 dekabr, AZƏRTAC

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə icra ediləcək “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” adlı layihənin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi, Şərqlə Qərb arasında körpü rolunu oynayan və mühüm strateji mövqeyə sahib Bakı Limanında liman əməliyyatlarının, “yaşıl liman” siyasətinin tətbiqi imkanlarının, o cümlədən ticarət və investisiya fəaliyyətlərinin gücləndirilməsi, Limanın təlim mərkəzinin inkişaf etdirilməsi ilə region və bütün dəhlizin inkişafına dəstək olmaqdır. 15 ay davam etməsi nəzərdə tutulan tədbir çərçivəsində xüsusilə inteqrasiya olunmuş logistik idarəetmə sisteminin inkişafı, Limanın yeni beynəlxalq sertifikatları əldə etməsinə, Avropanın inkişaf etmiş limanları ilə daha sıx qarşılıqlı əlaqənin təmini üçün çalışılacaq. Bütün bu addımların, regional mərkəz kimi Bakı Limanının inkişafına dəstək olmaqla yanaşı, regiondakı limanların və logistika mərkəzlərinin də inkişafı üçün müsbət zəmin formalaşdıracağı gözlənilir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin, iqtisadiyyat nazirinin, ekologiya və təbii sərvətlər nazirinin müavinləri, İnvestisiya Holdinqi və digər hökumət rəsmiləri, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, o cümlədən 20 dən çox Avropa ölkəsinin Azərbaycandakı səfirlərinin iştirakı ilə baş tutan tədbirdə Bakı Limanının Baş direktoru açılış nitqi ilə çıxış edib.
Baş direktor Orta Dəhlizin Avropa və Asiya arasında olduqca mühüm rol oynadığını və bu dəhlizin inkişafının bütün tərəflər üçün faydasını qeyd edib. Orta Dəhliz boyunca “yaşıl liman” siyasətinin tətbiqinin əhəmiyyətindən danışan Taleh Ziyadov bu sahədə Bakı Limanının Aİ-nin də dəstəyi ilə böyük yol qət etdiyini, amma gələcək hədəflərin daha böyük olduğunu bildirib.
Eyni zamanda, tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Aİ-nin bölgəmizin nəqliyyat və logistikasının dəstəklənməsi üçün həyata keçirdiyi bu kimi tədbirlərin ümumilikdə regionun inkişafında mühüm rol oynadığını və bu əməkdaşlığın inkişafının vacibliyini bildirib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov da çıxış zamanı Azərbaycan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bir çox sahələr üzrə sıx əməkdaşlıq edildiyini bildirib. Nazir müavini bu layihənin Bakı Limanının dayanıqlı, davamlı və sürətli inkişafında böyük rol oynayacağını bildirib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko isə Azərbaycanın tranzit nəqliyyat dəhlizlərinin, Bakı Limanında həyata keçirilən layihələrin Aİ üçün prioritet olduğunu deyib, bu layihələrin beynəlxalq nəqliyyat dəhlizlərinin gücləndirilməsi və Avropa ölkələri ilə bu region arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Nəqliyyat 2022-12-02 13:57:00