×
A
A
A
Sazlamalar

Fransa parlamenti siyasi avantüra meydanına çevrilib

Bakı, 2 dekabr, AZƏRTAC

Noyabrın 30-da Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə tamamilə əsassız, qərəzli bir sənəddir. Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı Azərbaycan Milli Məclisinin 2022-ci il 1 dekabr tarixli açıqlamasında da qeyd olunduğu kimi, Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.
“Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən Fransa qanunverici orqanının öz seçicilərinə hörmətsizliyi davam edir. Fransa parlamenti növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamə qəbul edib. Fransa parlamenti dövlətinin marağını erməni lobbisinə qurban verməklə, bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirib. ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi, ilk növbədə, Fransanın özünə zərbədir. Həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verdi. Fransa konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, yəni respublika prezidentinin səlahiyyətinə aid olduğundan, bu sənədləri Yelisey Sarayının qətnamələri kimi qəbul etmək daha doğru olar. Bu baxımdan Fransa hakimiyyəti, onun başçısı Emmanuel Makron öz seçicisinin mənafeyini lobbinin tapşırığına satır. Bir daha aydın olur ki, Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın bir müddətdə həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmasıdır”, - deyə Milli Məclisin deputatı bildirib.
O vurğulayıb ki, XVII əsrin əvvəllərindən başlayaraq fransızlar Şimali Amerikanı işğal ediblər. 1663-cü ildə Kanada bütövlükdə Fransa səltənətinə daxil edilib. XVII əsrin 30-cu illərində Qvadelupa, Martinika və Haitinin bir hissəsi işğal olunub. Yerli əhalinin böyük əksəriyyəti qətlə yetirilib, Avropanın və Amerikanın qul bazarlarında satılıb. Afrika da XVII əsrdən etibarən fransızların işğalına məruz qalıb. Yerli əhali zorla digər fransız koloniyalarına köçürülüb, məcburi əməyə məruz qalıb və sair. Ermənistanın ərazi bütövlüyü tələbini hər fürsətdə səsləndirən Fransa, Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də, Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Həmçinin müstəmləkəçi siyasətdən əl çəkməyərək artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya azadlıq vermir. Bir sözlə, Fransa parlamentinin beynəlxalq normaları pozaraq Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə iki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”yə də ziddir.

Siyasət 2022-12-02 10:56:00