×
A
A
A
Sazlamalar

Fransa Milli Assambleyasının qətnaməsi Azərbaycana qarşı növbəti təxribatdır

Bakı, 2 dekabr, AZƏRTAC

Fransa Senatının ardınca bu ölkənin Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə son dərəcə riyakar xarakter daşıyır, ədalətsiz bir qərardır, əsasən regionda sabitliyi pozmağa və gərginliyi artırmağa bir cəhddir. Bu, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli bir qərar olmaqla beynəlxalq hüququn norma və prinsiplərinə böyük hörmətsizlikdir.
AZƏRTAC xəbər verir ki, bunu Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
“Münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlar fonunda qəbul edilmiş bu tipli yersiz qərarlar, təbii ki, prosesin əngəllənməsinə hesablanıb. Həmin qətnaməyə səs verən hər bir şəxs bilməlidir ki, Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur, daim mehriban qonşuluq prinsiplərinə üstünlük verib, hətta özü uzun illər işğalla üzləşib, təcavüzkarlara qarşı mübarizə aparıb. Bu gün Azərbaycanın əsl niyyəti regionda davamlı sülh və sabitliyə nail olmaqdır. Amma yeri gəldi-gəlmədi Fransanın canfəşanlıqla prosesə müdaxiləsi, qeyri-obyektiv bəyanatlar verməsi, qərəzli qətnamələr qəbul etməsi bu ölkənin ədalətsiz mövqeyini ortaya qoyur”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Fransanın bu cür yanaşmaları ilə getdikcə özünü beynəlxalq ictimaiyyətin gözündən saldığını, dünyada nüfuzunu itirdiyini diqqətə çatdıran AHİK sədri bildirib: “Fransasayağı ölkələri çıxmaqla, bu gün dünyanın əsas aparıcı dövlətləri qalib Azərbaycanın haqq işini müdafiə edir, dünya üçün əhəmiyyətini anlayır. Belə bir məqamda nə Fransa Senatının, nə də Milli Assambleyasının qəbul etdiyi yalan və iftira dolu qətnamələrin heç bir anlamı və siyasi gücü yoxdur. Bilməlidirlər ki, Azərbaycan güclü bir dövlətdir, regionda böyük söz sahibidir. Bu cür qətnamələrlə Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə təsir göstərmək mümkün deyil, necə ki, bu, indiyə qədər mümkün olmayıb və olmayacaq da”.

Siyasət 2022-12-02 10:27:00