×
A
A
A
Sazlamalar

Fransa Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir

Bakı, 2 dekabr, AZƏRTAC

Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayanda, şəhər və kəndlərimizi viran qoyanda, azərbaycanlılara qarşı XX əsrin dəhşətli cinayəti olan Xocalı soyqırımını törədəndə susan Fransa Senatı, Milli Assambleyası bu gün nədənsə danışmağa başlayıb. Fransa Senatından sonra Milli Assambleyanın da Azərbaycan əleyhinə çıxardıqları qərar riyakarlığın, ikiüzlülüyün ən bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
Deputatın sözlərinə görə, özünü dünyada demokratiyanın, insan hüquqlarının müdafiəçisi hesab edən Fransa əslində dünyada işğalçılıq siyasəti, xalqlara qarşı soyqırımı törətmiş bir dövlətdir. Əlcəzairi və bir sıra Afrika dövlətlərini əsarət altında saxlayan, insanlarını kütləvi qətlə yetirən Fransanın eyni siyasət həyata keçirən Ermənistanı müdafiə etməsi bu dövlətin əsl simasının göstəricisidir.
"Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərar bir daha bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərini pozmasına dəlalət edir. Bu gün Fransa Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir. Fransa hakimiyyəti başda Prezident Makron olmaqla, ölkə daxilində nüfuzunu itirməkdədir. Azərbaycanı işğalçı dövlət adlandıran Fransa hakimiyyəti, Senatı və Milli Assambleyası qərar qəbul edərkən öz dövlətlərinin yaxın tarixdə törətdiklərini yəqin unudublar. Lakin dünya ictimaiyyəti bu dəhşətləri heç vaxt unutmur və unutmayacaq", - deyə K.Əliyeva qeyd edib.
Fransadan fərqli olaraq, Azərbaycanın beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşdığını vurğulayan deputat qeyd edib: "Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, öz suverenliyi və ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq hüququ da bərpa etdi. Fransa dövləti Azərbaycana minnətdar olmalıdır ki, onun da imzası olan BMT TŞ-nin 4 qətnaməsinin icrasını Azərbaycan təkbaşına yerinə yetirdi. Fransanın Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək planı baş tutmayacaq. Bu regionda Azərbaycan kimi güclü və qüdrətli dövlət mövcuddur və bu ölkənin İlham Əliyev kimi lideri var. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini davam etdirəcək və dövlətimiz istənilən təxribata və təcavüzə qətiyyətlə cavab verəcək".

Siyasət 2022-12-02 08:19:00