×
A
A
A
Sazlamalar

Ədliyyə naziri: Gürcüstana səfərimiz münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir

Tbilisi, 1 dekabr, AZƏRTAC

Azərbaycan və Gürcüstan ədliyyə orqanları arasında əlaqələrimiz ölkələrimizin nümunəvi dostluq və səmərəli əməkdaşlıq münasibətlərinə uyğun genişlənir və inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov gürcüstanlı həmkarı Rati Breqadze ilə görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana bugünkü səfəri ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir.
Nazir deyib ki, bu ilin martında R.Breqadze Bakıda səfərdə olarkən imzalanmış əməkdaşlığa dair yeni memorandum hüquqi sahədə əməkdaşlığımızın müasir çağırışlara uyğun inkişaf etdirilməsinə zəmin yaradıb.
“Biz iki dost ölkəyik və əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Burada bizim dövlət və hökumət başçılarımızın müstəsna xidmətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin səyləri nəticəsində əməkdaşlığımız belə yüksək səviyyəyə qalxıb”, – deyə F.Məmmədov vurğulayıb.
Nazirin sözlərinə görə, Batumidə Ədliyyə nazirliklərinin birgə forumu keçiriləcək. Bu bizə hər iki dövlətin əldə etdiyi nailiyyətlər, xüsusilə də müasir texnologiyaların və rəqəmsal innovasiyaların tətbiqi, elektron xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğu ilə bağlı əldə etdiyimiz müsbət təcrübəni bölüşməyə imkan verəcək.
Rustavi şəhərindəki cəzaçəkmə müəssisəsində olduqlarını vurğulayan F.Məmmədov deyib: “Biz müəssisədə məhbuslar üçün yaradılan şəraitlə tanış olduq. Azərbaycanda da bu sahədə mühüm işlər görülür. Yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yüksək standartlara cavab verən yeni cəzaçəkmə müəssisələri tikilib istifadəyə verilib”.
“İnanıram ki, əməkdaşlığımız xalqlarımızın maraqlarına uyğun bundan sonra da uğurla davam etdiriləcək”, – deyə nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Cəmiyyət 2022-12-01 21:22:00