×
A
A
A
Sazlamalar

Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı qaydası qüvvəyə minib

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2022-ci il 15 noyabr tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısının yenilənmiş qaydası təsdiqlənib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək noyabrın 30-dan qüvvəyə minib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, yenilənmiş qayda “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı əməliyyatlarının aparılması qaydalarını tənzimləyir. Qaydada Mərkəzi Bankın banklarla apardığı valyuta əməliyyatlarının üsulları, forması, şərtləri hazırda istifadə olunan təcrübəyə uyğun müəyyənləşdirilib. Qaydada Mərkəzi Bankın daxili valyuta bazarında istifadə edə biləcəyi alətlər siyahısında hazırda istifadə olunan alətlərlə yanaşı, valyuta bazarında zərurət yaranacağı hallarda aparıla bilən digər potensial alətlər, o cümlədən forvard, svop, opsion əməliyyatları da yer alıb. Həmin alətlər üzrə qiymətin hesablanması metodologiyası da qaydalarda öz əksini tapıb.

 

Maliyyə 2022-12-01 19:28:00