×
A
A
A
Sazlamalar

Səksən beş illik yubiley və ya “Ömrün Qəzənfər Paşayev modeli”

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubiley tədbiri və görkəmli alimin “Seçilmiş əsərləri”nin 11 və 12-ci cildlərinin, “Azərbaycanda və İraqda Bayatlar” və “Xilaskarlar” (fars dilində) kitablarının, habelə Sərvaz Hüseynoğlunun “Ömrün Qəzənfər Paşayev modeli” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Qəzənfər Paşayevin zəngin elmi axtarışlarından danışıb və onun ədəbiyyatımızın inkişafındakı xidmətlərini yüksək dəyərləndirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Qəzənfər Paşayevi İraq türkmanlarının ölkəmizdəki təmsilçisi adlandırıb. Qeyd edib ki, o, bayatlar, Dərbənd və bütün Azərbaycanı əhatə edən çoxsaylı yazılar müəllifidir.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli yubilyara nazirlik tərəfindən təsis olunan “Şuşa-270” döş nişanını təqdim edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Şirindil Alışanlı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və başqaları Qəzənfər müəllimi işıqlı, xeyirxah insan kimi xarakterizə ediblər. Bildirilib ki, onun yazdığı “Altı il Dəclə-Fərat sahillərində” əsəri müəllifinə böyük və sonsuz şöhrət gətirib. Həmçinin alim Azərbaycan bayatları haqqında ilk ciddi tədqiqat əsəri yazıb.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Professor Qəzənfər Paşayev” adlı Elektron məlumat bazası iştirakçılara təqdim olunub. Qeyd olunub ki, Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Qəzənfər Paşayev haqqında”, “Ziyalı fədakarlığına örnək”, “Professor Qəzənfər Paşayevin qələm dostları və ədəbiyyatımız haqqında düşüncələri”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Tədbirin sonunda Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və bütün iştirakçılara öz təşəkkürünü bildirib.
Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar.

 

Mədəniyyət 2022-12-01 17:53:00