×
A
A
A
Sazlamalar

Laçınlılar tezliklə doğma yurdlarına qayıdacaqlar

Laçın, 1 dekabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində xalq-dövlət-ordu birliyindən yaranan “Dəmir yumruq” düşmənə sarsıdıcı zərbə vuraraq ona ağır məğlubiyyət yaşatdı. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktı nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxardı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
O bildirib ki, Laçın rayonunun cənub, Kəlbəcər rayonunun şimal hissəsini Azərbaycan Ordusu 44 günlük müharibə dövründə işğalçılardan azad etmişdi: “Lakin, Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətindən kənarda qalmışdı. Bunun da əsas səbəbi Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolunun şəhərin içindən keçməsi idi. 2020-ci il noyabrın 9-da aparılan danışıqlar nəticəsində Azərbaycan Prezidentinin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi. Azərbaycan 1 il 8 aya alternativ yolun çəkilişini başa çatdırdı və bildirdi ki, yol hazırdır, avqustun 5-də Azərbaycan Ordusu Laçın şəhərinə, o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Bundan sonra Laçında qanunsuz məskunlaşan ermənilər Azərbaycan dövlətinə müraciət edərək onlara avqustun 25-nə qədər əlavə vaxt verilməsini xahiş etdilər. Azərbaycan Prezidenti yenə də humanistlik göstərərək onlara bu imkanı verdi. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq”.
Laçın şəhərində üçrəngli bayrağımızı qaldıran Prezident bildirdi ki, Laçın şəhərinin azad edilməsi tarixi hadisədir və həmişə tarixdə qalacaq. Bayrağımız Laçında əbədi dalğalanacaq.
İlqar İlyasov qeyd edib ki, bu gün Laçında genişmiqyaslı quruculuq işləri aparılır. Laçın sakinləri bu xoşbəxt anları sevinclə yaşayır, bərpa-quruculuq işlərinin tezliklə başa çatacağı günü səbirsizliklə gözləyirlər ki, doğma yurdlarına qayıtsınlar.
“İşğaldan azad edilmiş Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Laçın rayonunda Su Elektrik Stansiyasının işə salınması, müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə yanaşı, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Laçın 2 nömrəli, Zabux kənd tam orta məktəblərinin bərpası və yenidən qurulması işlərinin sürətlə aparılması qısa zamanda Laçına ilkin qayıdışın reallaşacağından xəbər verir”, - deyə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri qeyd edib.

Regionlar 2022-12-01 17:32:00