×
A
A
A
Sazlamalar

Azad edilmiş ərazilərin ortofotoplanlarının hazırlanması işləri yekunlaşır

Bakı, 1 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti ilə Azərkosmos arasında bağlanmış müqaviləyə əsasən Azərbaycanın işğaldan azad edilmiş 12 min kvadratkilometr ərazisinin hazırlanmış peyk təsvirləri əsasında 4225 kvadratkilometr ərazinin 30 santimetr ayırdetmə dəqiqliyinə malik ortofotoplanları hazırlanıb və hazırda xidmətin aidiyyəti informasiya sistemlərində coğrafi istinad materialı kimi istifadə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin baş mühəndisi Çingiz Tanrıverdiyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın nəticələrinə həsr olunmuş konfransda çıxışında deyib.
Çingiz Tanrıverdiyev qeyd edib ki, qalan 7775 kvadratkilometr ərazinin ortofotoplanlarının hazırlanması işləri isə yekunlaşmaq üzrədir: “Hazırlanmış ortofotoplanlar torpaqların elektron kadastr uçotu, eləcə də, daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması işlərində, sahəvi kadastr və digər məqsədlər üçün ilkin istinad xəritəsi kimi istifadə olunur. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə gələcəkdə baş verə biləcək müxtəlif dəyişikliklərin müəyyənləşdirilərək indiki vəziyyətlə müqayisə edilməsinə imkan verəcək”.

İKT 2022-12-01 16:28:00