×
A
A
A
Sazlamalar

Azərbaycanla ultimatum dilində danışmaq heç kimə fayda gətirməyəcək

Bakı, 1 dekabr, Ziyadxan Həsənov, AZƏRTAC

Azərbaycanlıların belə bir atalar sözü var: “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı”.
Fransanın hakimiyyət orqanları artıq uzun illərdir ki, Azərbaycanı və Türkiyəni müxtəlif səviyyələrdə planlı şəkildə ləkələyir. Onlar bunun üçün müxtəlif - süni və uydurulmuş səbəblər tapırlar.
Türkiyəyə münasibətdə bu siyasət yeni deyil, bizim ölkəyə qarşı bu cür münasibət isə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra özünü göstərməyə başladı. Müdrik insanlar olan Fransua Mitteranın və Jak Şirakın prezidentliyi dövründə Azərbaycana münasibətdə siyasət balanslaşdırılmış, hətta deyərdik ki, dostcasına idisə, son illərdə bu siyasət açıq-aşkar düşmənçilik kursu ilə əvəz olunub.
Bu barədə çox yazılıb, lakin Fransanın öz sabiq müstəmləkələri olan Əlcəzairdə, Ruandada və Afrika qitəsinin başqa yerlərində törətdiyi soyqırımı aktlarını xatırlatmaq yerinə düşər.
Azərbaycanda və Türkiyədə yaxşı başa düşürlər ki, Azərbaycan əleyhinə hər bir qətnamədə “erməni barmağı” var. Lakin ermənilər bunu başa düşsələr yaxşı olardı ki, dəvət edilən siyasətçilər çətin onlara kömək edə bilər, onlar tarixin arxivinə gedəcək, Ermənistan isə əliboş qalacaq.
Azərbaycan XİN Fransaya dəqiq cavab verdi: “Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır. Qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir”.
Prezident İlham Əliyev bu yaxınlarda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bəyan edib ki, Azərbaycan heç kimdən qorxmur, biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.
Azərbaycan başqa ölkələrlə münasibətdə həmişə bərabərhüquqlu münasibətlərə tərəfdar olub, bizim ölkə ilə hədə və ultimatum dilində danışmaq heç kimə və heç vaxt fayda gətirməyib.

Siyasət 2022-12-01 16:22:00