×
A
A
A
Sazlamalar

“Bədii döymə ilə məşğul olanlar indi çox azdır” - xaçmazlı sənətkar FOTO VİDEO

Xaçmaz, 1 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı sənətkar Zeydulla Ağayev 50 ilə yaxındır bədii döymə sənəti ilə məşğuldur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olub. Buna görə də tətbiqi xalq sənətkarlığının bir çox sahələrini asanlıqla mənimsəyib.
On yeddi yaşından bu işə başlayan sənətkarın ilk əl işi 1973-cü ildə hazırladığı "Sülh" adlı əsərdir. İndi o, əlvan metallar üzərində istənilən obrazı asanlıqla yarada bilir. Bir sənət əsəri ölçü və mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər ərsəyə gəlir.
“Əlvan metalların hər birindən istifadə edərək əsərlər yaradıram. Bu, unudulmaqda olan sənət növlərindəndir. Çox dəyərli sənətdir. Amma bədii döymə ilə məşğul olanlar indi çox azdır. Səbir tələb edən bir işdir. Əsəri metal üzərində döyməklə iş bitmir. Əsər həkk olunan metal lövhə cilalanaraq, kimyəvi məhlullarla işlənilir ki, parlaq rəng alsın”, - deyə sənətkar bildirib.
İxtisasca dil-ədəbiyyat müəllimi olduğu üçün əsərləri arasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun müraciət etdiyi mövzulardır.
Zeydulla Ağayev: “Vətən müharibəsində qazanılan şanlı Qələbəmizə həsr olunan silsilə əsərlər hazırlamışam. Mənə verilən məlumata görə, həmin əsərlərin bir qismi Şuşada nümayiş etdiriləcək. Bu, çox sevindiricidir”.
“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi sənətkar bədii döymə sənətini gələcək nəsillərə ötürmək istəyir. Oğlu Elnur Ağayev və qardaşı oğlu Şaiq Ağayev də artıq bu sənətin sirlərini mənimsəyib.
Zeydulla Ağayev hazırladığı bədii əsərləri sifariş əsasında satır. Onun əl işləri Bakıda İçərişəhərdə fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində də satışa çıxarılıb.
“Altı ildir “ABAD”la əməkdaşlıq edirəm. Məhz bundan sonra 500-ə yaxın əsərim ölkəmizə gələn xarici qonaqlara satılıb. Dünyanın 40-dan çox ölkəsindən olan turistlər əsərlərimi alıblar. Hazırda daha 165 əsərim “ABAD”ın mərkəzlərində satışdadır. Yüzə yaxın əl işim də evdədir. Qiymətlər əsərin ölçüsünə və döyülən əsərin mürəkkəbliyinə görə dəyişir. Suvenir formasında hazırlanan kiçik əl işlərim 20 manata satılır. Böyük həcmli əl işləri isə 50 manatdan 500 manatadək olur”, - deyə Zeydulla Ağayev qeyd edib.

Regionlar 2022-12-01 14:39:00

Video