×
A
A
A
Sazlamalar

Ölkəmizin turizm potensialı beynəlxalq sərgidə təbliğ edilir

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycanın turizm potensialı Özbəkistanın Daşkənd şəhərində keçirilən “Daşkənd Beynəlxalq Turizm Sərgisi – TİTF 2022”də tanıdılır.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgidə ölkəmizin turizm imkanları, xüsusilə müalicəvi və sağlamlıq turizm potensialı təbliğ olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “İpək Yolu turizmi” mövzusuna həsr edilmiş sərginin ilk günündə baş tutmuş plenar sessiya zamanı Agentlik sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın turizm sahəsindəki bu günədək olan təcrübələr və gələcək planlar haqqında təqdimatla çıxış edib.
Dekabrın 2-dək davam edəcək sərgidə Özbəkistandan olan turizm şirkətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün B2B (Biznesdən biznesə) görüşlər təşkil olunur, Azərbaycanın turizm məhsulları, müalicəvi kurortlar və hotellər haqqında məlumat verilir.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Turizm 2022-12-01 14:37:00