YARAT-da ustad dərsi: Qısa, lakin intensiv
Bakı, 1 dekabr, AZƏRTAC
YARAT Müasir İncəsənət Mərkəzində türk rəssam Nezaket Ekicinin iştirakı ilə “Qısa, lakin intensiv” adlı performans üzrə ustad dərsi keçirilib.
Bu barədə AZƏRTAC-a YARAT-dan bildirilib.
Dərslər zamanı rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirib və iştirakçılarla birgə çıxış edib. Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar iştirakçılara məkanda mövcudluğu inkişaf etdirməyə kömək edib. İştirakçılar öz bədənlərinin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrəniblər.
Nezaket Ekici Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltaraşlıq üzrə incəsənət təhsili alıb. O, 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsəri təqdim edib. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.
Opera müğənnisi Fyodor Şalyapinin 150 illiyinə həsr olunmuş tədbirin vaxtı dəyişdirilib
“Kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması” adlı tədbir keçirilib
Leypsiq kitab yarmarkası üçillik fasilədən sonra yenidən qayıdır
Salman Qəmbərov: Prezidentin Tofiq Quliyevin abidəsinin açılışında iştirakı bizi çox sevindirdi