×
A
A
A
Sazlamalar

Neft sənayesi işçilərinə yüksək dövlət təltifləri təqdim olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 19 sentyabr tarixli Sərəncamı ilə yüksək dövlət təltiflərinə layiq görülən neft sənayesi işçilərinə orden və medalların təqdim edilməsi mərasimi keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ölkəmizdə bütün sahələrdə olduğu kimi, neft-qaz sənayesi işçilərinin də hər zaman dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
SOCAR prezidenti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və xoş bir ənənəyə çevrilən neftçilərin dövlət səviyyəsində təltif olunmasının Azərbaycan neftçilərinin əzmkar və fədakar fəaliyyətinin yüksək qiymətləndirilməsinin təzahürü olduğunu söyləyib.
Təltif olunan bütün neftçiləri təbrik edən Rövşən Nəcəf onların fəaliyyətini və neft-qaz sənayesinin inkişafını hər zaman diqqət mərkəzində saxlayan dövlətimizin başçısına Azərbaycan neftçiləri adından dərin minnətdarlığını ifadə edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilən neftçilərə orden və medallar təqdim olunub.

Neft - qaz 2022-12-01 12:01:00