×
A
A
A
Sazlamalar

“Tatar-inform” agentliyi Tatarıstanın Azərbaycanla əlaqələri haqqında geniş məqalə yayıb

Bakı, 30 noyabr, AZƏRTAC

Tatarıstanın “Tatar-inform” aparıcı informasiya agentliyinin rəsmi saytında Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovun Bakıya səfərinin yekunlarına həsr edilmiş “Bizi tarixən səmimi dostluq münasibətləri bağlayır: Minnixanov Bakıya nə üçün getmişdi?” sərlövhəli geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Tatarıstan Prezidenti ilə birlikdə Tatarıstan müəssisələrinin rəhbərlərindən ibarət böyük bir qrupun da Azərbaycana səfərdə iştirak etməsi vurğulanır. Nümayəndə heyətinin tərkibinə Tatarıstan Respublikasının 45 şirkətinin, o cümlədən “KamAz” və “Tatneft” şirkətlərinin təmsilçiləri daxil idi.
Agentlik səfəri geniş işıqlandıraraq yazır ki, Azərbaycanda 27 mindən çox tatar yaşayır, burada Azərbaycanın tatar gənclərini “Yaşlek” Mərkəzi açılıb, “Tuqan tel” Respublika Tatar Mədəniyyəti Cəmiyyəti, “Tatarıstan” İctimai Birliyi, tatar qadınların “Ak kalfak” cəmiyyətinin bölməsi fəaliyyət göstərir. Rüstəm Minnixanov Bakıda həmvətənləri ilə görüşdə qeyd edib ki, Tatarıstan və Azərbaycanı “tarixən səmimi dostluq münasibətləri bağlayır”.
Materialda vurğulanır ki, keçən ilin yekunlarına əsasən Tatarıstanla Azərbaycan arasında əmtəə dövriyyəsi 70 milyon dollardan çox olub, lakin 2022-ci ilin birinci yarısında bu artımın iki dəfədən çox olacağı gözlənilir. Belə ki, birinci yarımillikdə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 60 milyon dollara yaxın olub.
Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə xatırladıb ki, iki respublika arasında iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş qüvvədədir. Bundan əlavə, hökumətlərarası komissiya yaradılıb. Lakin onun sözlərinə görə, “Volqa-Xəzər” hövzəsinin nəqliyyat və logistika imkanlarından daha fəal istifadə etmək lazımdır. Rüstəm Minnixanov energetika, sənaye, avtomobilqayırma, neft kimyası və qaz-motor yanacağı kimi perspektivli əməkdaşlıq istiqamətlərini qeyd edib.
Tatarıstan Respublikasının Prezidenti daha sonra Tatarıstan-Azərbaycan işgüzar forumunda iştirak edib. Rüstəm Minnixanov tədbir iştirakçılarına müraciətlə iki respublika arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün sanballı potensial olduğunu qeyd edib. Forum bir sıra sazişlərin imzalanması ilə başa çatıb.
Tatarıstan Prezidenti Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycanın Baş naziri Əli Əsədov ilə də görüşüb.
Tatarıstan Respublikası Ticarət-Sənaye Palatasının sədri Şamil Ageyev Rüstəm Minnixanovun Bakıya səfərini şərh edərək bildirib ki, bizim respublikaların çox böyük təmas nöqtələri var. O deyib: “Buraya neft kimyası, neft emalı, maşınqayırma, ərzaq məhsulları ticarəti, kənd təsərrüfatı sahələri daxildir. Xəzərdən və Volqadan yaxşı logistik yollar mövcuddur. Buna görə də qarşılıqlı əməkdaşlığın yaxşı perspektivləri var”.

 

Siyasət 2022-11-30 17:18:00