×
A
A
A
Sazlamalar

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin apreli

Bakı, 30 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X


4 aprel. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirdi.
6 aprel. Türkiyənin bir qrup iş adamını qəbul etdi.
8 aprel. ABŞ-ın Corctaun Universitetinin professoru Söhrab Sübhani ilə görüşdü.
9-10 aprel. Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Bərdə rayonlarına səfər etdi.
12 aprel. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün güclənməsi ilə bağlı xalqa müraciət etdi.
14-15 aprel. MDB dövlət başçılarının Moskvada keçirilən görüşündə iştirak etdi.
17 aprel. Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar müşavirə keçirdi.
19 aprel. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç ilə görüşdü.
24 aprel. Türkiyənin xarici işlər naziri Hikmət Çətini qəbul etdi.
25 aprel. Cəbhə bölgələrində vəziyyətlə bağlı selektor müşavirəsi keçirdi.
29 aprel. Daxili İşlər Nazirliyinin rəhbər işçilərinin geniş müşavirəsində nitq söylədi.
30 aprel. Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik etdi.

X X X

1994-cü ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü yenidən güclənmişdi. Düşmənin aramsız hücumlarını dəf etmək qarşıda duran bir nömrəli vəzifə idi. Heydər Əliyev bununla bağlı cəbhəyanı rayonlara gedir, vəziyyətlə yerində tanış olurdu. 1994-cü il aprelin 9-10-da Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Bərdə rayonlarına etdiyi səfərlər bu baxımdan diqqəti çəkir. Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvarında işğaldan azad edilmişdi. Ulu Öndər Füzuli rayonunda döyüşçülər qarşısında çıxışı zamanı bu uğurdan danışaraq dedi: “Təxminən son 4-5 ayda ordu hissələrimizin xeyli müvəffəqiyyətləri olub. Mən noyabr ayında Azərbaycan xalqına müraciət etdim. O vaxt erməni silahlı qüvvələrinin hücum əməliyyatları günü-gündən genişlənirdi, ərazilərimiz işğal olunurdu və düşmənin qarşısını almaq lazım idi. Azərbaycan vətəndaşları, gənclər bu çağırışa səs verdilər, Vətənin müdafiəsinə qalxdılar. İndi mən burada həmin adamların bir neçəsi ilə də görüşdüm. Bütün bunlar onu göstərir ki, gənclərimiz öz torpaqlarını qorumağa qadirdirlər. Bunu sübut edən bir də odur ki, mənim keçən səfərimdən sonra torpaqlarımızın bir qismi azad edilib, düşmən təxminən 40 kilometr geri oturdulub”.
Həmin görüşdə Ulu Öndər fərarilərə də çağırış edərək dedi ki, torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, onlar öz vicdanları, ata-anaları, Vətən qarşısında xəyanət edirlər.
Heydər Əliyev Beyləqan rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə və hərbçilərin müşavirəsində çıxışları zamanı ordu quruculuğu istiqamətində görülən işlərdən danışdı, bu sahədə dövlətin, cəmiyyətin, eləcə də zabit və əsgərlərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırdı.
Sitat: Orduya qayğı, hörmət, onun bütün problemlərini vaxtında həll etmək, eyni zamanda, ordunun daxilində quruculuq işini, nizam-intizamı möhkəmləndirmək hamımızın və xüsusən dövlətin, o cümlədən bir prezident kimi mənim əsas borcum və əsas vəzifəmdir.
Ordu xalqımızın bir hissəsidir. Döyüşçülərimiz bizi müdafiə edən, özünü şəhid edən, özünü güllə qabağına verən adamlardır. Şübhəsiz ki, onlara xüsusi hörmət, xüsusi ehtiram, xüsusi qayğı lazımdır...
Müharibədə kim güclüdürsə, o da qalib gəlir. Güclü olmaq üçün Azərbaycanın da imkanları çoxdur. Bu imkanlardan indiyədək lazımınca istifadə olunmayıb. Son vaxtlar ordu quruculuğu işi müvəffəqiyyətlə davam edir, ordumuz formalaşır. Bu işdə zabitlərimizin də, əsgərlərimizin də üzərinə mühüm vəzifələr düşür.
Heydər Əliyevin cəbhə bölgəsinə səfərləri, hərbçilər qarşısında çıxışları, əsgər və zabitlərlə səngərlərdə görüşləri orduda döyüş əhvali-ruhiyyəsini yüksəldir, bütün qüvvələri torpaqlarımızın müdafiəsinə səfərbər edirdi.
Ulu Öndər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün güclənməsi ilə bağlı aprelin 12-də xalqa televiziya və radio ilə müraciət etdi: “Azərbaycan hər birimizin Vətənidir. Hər kəs, hər bir vətəndaş öz Vətəninin keşiyində durmalıdır. Əgər əsgər, zabit Vətənin keşiyində durursa, döyüşdə həlak olursa, cəbhə bölgəsinə gedə bilməyən vətəndaş öz iş yerində çalışmalı və döyüşməyə qadir olan övladını, qohum-qardaşını mütləq cəbhə bölgəsinə, orduda xidmətə göndərməlidir. Başqa yol yoxdur! Başqa yol ola bilməz! Mən bir daha Azərbaycan vətəndaşlarına, xalqımıza müraciət edərək deyirəm ki, gəlin hamımız əl-ələ verib Vətənin, ana torpağın müdafiəsinə qalxaq”.
Ulu Öndər Azərbaycanın xarici siyasətində Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verirdi. Müstəqil Azərbaycan Respublikasının Türkiyə ilə qardaşlıq münasibətlərinin əsası Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin Sədri olarkən qoyulmuşdu. Sonralar dövlət başçılarının, eləcə də yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri bu münasibətlərin gündən-günə inkişaf etməsinə töhfə verirdi. Dahi rəhbərin 1994-cü il aprelin 24-də Azərbaycana gəlmiş Türkiyənin ozamankı xarici işlər naziri Hikmət Çətinlə görüşü iki dövlət arasında əməkdaşlığın diplomatik müstəvidə daha da inkişafına yönəlmiş növbəti addım oldu.
1994-cü ildə qarşıda duran əsas vəzifələrdən biri Azərbaycanda sabitliyin bərqərar edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi idi. Bu məqsədlə hüquq-mühafizə orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi istiqamətində davamlı iş aparılırdı. 1994-cü il aprelin 29-da Daxili İşlər Nazirliyinin rəhbər işçilərinin geniş müşavirəsini keçirən Heydər Əliyev çıxışında polisin xidməti fəaliyyətində yol verdiyi nöqsanları qeyd etdi və problemlərin tez bir zamanda aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verdi.
Sitat: Daxili İşlər Nazirliyində ölkəsinə, xalqına vicdanla, namusla xidmət edən adamların sayı çoxdur. Bəlkə də onlar əksəriyyət təşkil edir. Ancaq bununla yanaşı, bu şərəfli orqanın adını ləkələyən, vəzifəsindən sui-istifadə edən və cəmiyyət, dövlət üçün çox mühüm olan bu orqanın hörmətini get-gedə aşağı salan adamların sayı da az deyildir…
Daxili İşlər Nazirliyi, polis heç bir siyasətə qarışa bilməz. O, dövlət orqanıdır, dövləti müdafiə etməli, onun göstərişlərini, siyasətini həyata keçirməlidir. Bu, bütün ölkələrdə belə olmuşdur və bizdə də belə olmalıdır.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyinin ilk illərində respublikanın iqtisadi böhrandan xilas olması və sahibkarlığın inkişaf etdirilməsi üçün bir sıra islahatlara da start verdi. İqtisadi məsələlərlə bağlı keçirilən müşavirələrə dövlət məmurları ilə yanaşı, alimlər, mütəxəssislər də dəvət edilirdi. Qəbul edilən qərarların icrası nəticəsində ölkə iqtisadiyyatında irəliləyiş əldə olunurdu.
Beləliklə, Ulu Öndər öz xilaskarlıq missiyasını uzaqgörənliklə və qətiyyətlə həyata keçirir, Azərbaycanın gələcək inkişafına hesablanmış addımlar atır, qərarlar qəbul edirdi.

Siyasət 2022-11-30 09:00:00