×
A
A
A
Sazlamalar

Tovuzda region gənclərinin forumu işə başlayıb VİDEO

Tovuz, 29 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Noyabrın 29-da ölkəmizin gənclər paytaxtı olan Tovuzda region gənclərinin forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Tovuz rayon Mədəniyyət Evində keçirilən forumda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva forumda çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin son illər əldə etdiyi uğurlardan danışıb.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov öz növbəsində rayonda gənclər üçün yaradılan şəraitdən, bu sahədə görülən işlərdən bəhs edib.
Sonra gənclərin sualları cavablandırılıb. Bildirilib ki, rayon gəncləri ilə bu cür görüşlər olduqca faydalıdır. Həmçinin forumun panel müzakirə şəklində keçməsi region gənclərinin dövlət rəsmiləri ilə birbaşa kontaktını təmin etmiş olur və müzakirə zamanı gənclər öz fikirlərini sərbəst şəkildə səsləndirə və suallarını təqdim edə bilirlər.
Daha sonra mövzular üzrə çıxışlara və müzakirələrə başlanılıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi Mahur Qasımov Azərbaycanın xarici siyasəti, Müdafiə Nazirliyinin baş zabiti, polkovnik-leytenant Rüfət Məmmədov ordu quruculuğu, Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki Elxan Mürsəlov asayişin qorunması, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov iqtisadi inkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Rəşad Dayıyev sosial siyasət, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Mahir Qəniyev isə milli-mənəvi dəyərlərimizin qorunması mövzularında çıxışlar edib, fikir mübadiləsi aparılıb.
Forum işini sabah davam etdirəcək.

Regionlar 2022-11-29 17:43:00

Video