×
A
A
A
Sazlamalar

Lənkəranda şəhid baş leytenant Vüsal Kazımovun xatirəsi anılıb

Lənkəran, 29 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda şəhid baş leytenant Vüsal Kazımovun xatirəsi anılıb. Anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları şəhidin Yuxarı Nüvədi kənd qəbiristanlığındakı məzarını ziyarət edib, qəbri üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Anım mərasimində çıxış edənlər bildiriblər ki, Vətən üçün yaşanan ömürlər unudulmur və hər zaman insanların qəlblərində, yaddaşlarında qalır. Qəhrəmanlarımızın unudulmaması, gələcək nəsillər arasında təbliğ olunması dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə atılan addımlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində güclü xalq, dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsi Qələbəni şərtləndirən əsas amil olub.
Qeyd edək ki, şəhid baş leytenant Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Regionlar 2022-11-29 16:41:00