×
A
A
A
Sazlamalar

“Onlar bizə əmanət!” layihəsi çərçivəsində “YAŞAT” Fondu dəstəyini davam etdirir

Bakı, 29 noyabr, AZƏRTAC

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Vadim Qocayevin Bakı şəhərində doğulan övladı Zeydin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Zeydin adına isə depozit hesabı açılacaq və 5 min AZN onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanan məbləğdən köçürülür. Şəhidimizin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizlərlə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı və Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir. Fondun hesabatlılığı ilə aşağıdakı linkdən tanış olmaq olar: https://yashat.gov.az/report/tableau

 

 

 

 

Sosial 2022-11-29 16:37:00