Misir əcnəbi muzdlu əsgərlərin Liviyadan çıxarılması üçün BMT-yə xüsusi təqvim hazırlamağı təklif edib
Qahirə, 29 noyabr, AZƏRTAC
Misirin xarici işlər naziri Sami Şükrü BMT-nin Liviya üzrə missiyasının yeni rəhbəri Abdullah Badili ilə görüşündə əcnəbi muzdlu əsgərlərin Liviyadan çıxarılması, habelə bu ölkədə ümumi seçkilərin keçirilməsi üçün xüsusi təqvim hazırlamağı təklif edib.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, misirli nazir BMT missiyasının rəhbərinə dəqiq razılaşdırılmış plan olmadan Liviyada dayanıqlı sülhü və sabitliyi təmin etməyin mümkün olmadığını bildirib. O əlavə edib ki, eyni vaxtda keçiriləcək prezident və parlament seçkiləri liviyalıların siyasi iradəsinin ifadəsi, eyni zamanda, daxili sabitliyin təminatı olacaq. S.Şükrü beynəlxalq ictimaiyyəti Qahirənin bu təşəbbüsünü dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, əcnəbi muzdluların və hərbçilərin Liviyanı tərk etməsi 2020-ci ildə BMT tərəfindən təsis edilmiş “5+5 Birgə Hərbi Komitəsi” çərçivəsində həyata keçirilə bilər.
Misirin Liviya ilə 1115 kilometrlik sərhədi var və rəsmi Qahirə qonşu ölkədə dayanıqlı sülhün təmin edilməsində maraqlıdır. Eyni zamanda, Liviyada 2021-ci ilin dekabrında keçirilməsi nəzərdə tutulan ümumi seçkilərin baş tutmaması, Tripolidə olan müvəqqəti hökumətlə parlamentin Benqazidə yaratdığı yeni Nazirlər Kabineti arasında ziddiyyətlərin dərinləşməsi vəziyyəti daha da gərginləşdirib. Bu ilin yayında tərəfləri dəstəkləyən hərbi qruplaşmalar arasında bir neçə şiddətli döyüşlər baş verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu gün Gürcüstanda 8 minədək HİV-ə yoluxmuş insan yaşayır
Fransada məmurlara messencerlərdən istifadə qadağan edilib
Ərdoğan: Türkiyə bütün böhranlarda sülhün yanında olub
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib
Kreml: ABŞ-ın hegemonluğuna söykənən dünya düzəni sona yetir