×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyinin sədri Şirvanda vətəndaşlarla görüşəcək

Bakı, 29 noyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin dekabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 8-i saat 10:00-da Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Hacıqabul, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) əlaqədar ad, soyad, ata adını, müraciətin məzmununu, ünvan və telefon nömrəsini göstərməklə, [email protected]  elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 7-dək qəbula yazılmaq olar.
Eyni zamanda Qida Təhlükəsizliyi İnstitutunun həmin regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.

Sosial 2022-11-29 16:31:00