×
A
A
A
Sazlamalar

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti minatəmizləmə əməliyyatlarını davam etdirir VİDEO

Ağdam, 29 noyabr, Göyçək Mahmudlu, Tofiq Babayev, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.
Noyabrın 29-da Maqsudlu su kanalının Ağdam rayonunun Abdınlı, Əhmədağalı və Sarıcalı kəndlərindən keçən sağ və sol hissələrində aparılan minatəmizləmə əməliyyatları ilə əyani şəkildə tanış olmaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən mediatur təşkil olunub.
AZƏRTAC-ın müxbiri əməliyyatlarda iştirak edən FHN əməkdaşları ilə həmsöhbət olub.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının bölük komandiri, baş leytenant Səbuhi Sarıyevin sözlərinə görə, Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran-istehkamçı qrupları da cəlb olunub: "Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.
Minatəmizləmə əməliyyatlarına cəlb edilmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulur. Ərazilərin partlamamış hərbi sursatlarla (PHS) çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda mina və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.
Verilən tapşırığa əsasən Maqsudlu su kanalının sağ və sol ətrafının mina və partlamamış hərbi sursatlardan təmizləməsi aparılır. Ərazi qarışıq mina sahəsidir. Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazinin minalanması zamanı heç bir standart, norma gözləməyib və çox ciddi şəkildə minalanıb. Ərazidə düşmən tərəfindən basdırılmış tank əleyhinə və piyada əleyhinə minalar, partlamamış hərbi sursatlar, hətta Ermənistan istehsalı olan PMN minaları da aşkarlanıb. Minalar qarışıq şəkildə basdırılıb. Təmizləmə əməliyyatları zamanı sürpriz minalara rast gəlinir. Bununla yanaşı, minalanmış ərazinin metal parçaları ilə çirklənməsi minatəmizləmə işini çətinləşdirir. Bütün bunlara baxmayaraq, minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Çirklənmiş ərazi aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət prinsipləri əsasında təmizlənir. Hazırkı ərazidə tapşırığın 95 faizi uğurla yerinə yetirilib".
"İşğaldan azad olunmuş ərazilərdə paralel olaraq quruculuq işləri də sürətlə davam etdirilir. Otuz ildir doğma ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlətimiz əlində olan bütün imkanlardan istifadə edir. Göstərdikləri səbir və təmkinə, bu prosesdə dövlətimizin yanında olduqlarına görə vətəndaşlarımıza təşəkkürümüzü bildiririk. Quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil. Bir daha müraciət edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Bu, onların həyatları üçün təhlükəlidir. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək", - deyə S.Sarıyev qeyd edib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji taborunun giziri Ağamehdi Hüseynli il yarımdır ki, Ağdamda minatəmizləmə əməliyyatında iştirak edir: "Hər gün pirotexniklərlə bərabər itlərin köməyindən istifadə edərək xeyli ərazini təmizləyərək təhvil veririk. Burada sürpriz minalar da aşkarlanır ki, onlar daha çox pirotexniklərin qarşısına çıxır. Mənə mina axtarışında kömək edən Belçika itidir. Minaaxtarma prosesində alman itlərindən də istifadə olunur".
Mediatur zamanı hava şəraitinin pisləşməsi səbəbindən minaaxtarma prosesi müvəqqəti dayandırıldı. Çünki yağıntılı hava şəraiti minaaxtarma prosesi üçün əlverişsiz hesab olunur.

Sosial 2022-11-29 16:24:00

Video