×
A
A
A
Sazlamalar

Bu il Biləsuvarda 34 min hektardan çox sahədə taxıl əkiləcək FOTO VİDEO

Biləsuvar, 29 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda torpaqlardan səmərəli istifadə edərək strateji sahə olan taxılçılığın inkişafı istiqamətində ardıcıl işlər görülür. Bunun nəticəsidir ki, builki payızlıq mövsümündə rayonda 34 min hektardan çox sahədə dənli bitkilərin əkilib-becərliməsi proqnozlaşırılıb.
AZƏRTAC xəbər verir ki, istehsalçılar payızlıq taxıl əkinlərinə hərtərəfli hazırlaşıblar. Ailə təsərrüfatçıları tərəfindən torpaqların münbitliyi üçün üzvi və mineral gübrələrdən istifadə edilib və bu günədək 33 min 120 hektarda keyfiyyətli şum aparılıb. Qısa müddətdə 24 min 530 hektarda taxıl əkilib. Bunun 7860 hektarını buğda, 16670 hektarını isə arpa təşkil edir.
Fermer Fəxrəddin Əliyev də belə fermerlərdən biridir və hazırda 2 hektar sahədə səpinlə məşğuldur. “Ötən il 35 sentner məhsul götürmüşdüm. Bu dəfə də ümidim böyükdür. İnşallah, yaxşı məhsul götürəcəyəm”, - deyə o bildirib.
Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı toxum sortlarını tövsiyə edən sahibkar, toxumçu-mütəxəssis Mirsahib Zəkiyevin sözlərinə görə, sağlam cücərtilərin alınmasına həm də keyfiyyətli toxum sortlarından istifadə etməklə nail olmaq mümkündür: “Taxıl biçinindən sonra optimal müddətdə şum aparılmalıdır. Özüm də toxumçuluq təsərrüfatının rəhbəriyəm, 17 ildir bu sahə ilə məşğulam. Gələn ilin məhsulu üçün 120 hektar sahədə toxumluq taxıl əkini aparacağam. Bu günə kimi 100 hektar sahədə əkin aparılıb. Toxumun seçilməsi vacib şərtlərdəndir. Toxum regionun torpaq iqlim şəraitinə uyğun seçilməlidir ki, yay aylarında susuzluq zamanı məhv olmasın. Biz özümüz də onu nəzərə almışıq. Əkdiyimiz arpa və buğda toxumları Azərbaycanın toxum genefonduna daxil olan sortlara aiddir - “Qobustan”, “Cəlilabad 19”, “Bərəkətli 95”.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Elşən Musayev isə bildirib ki, bu il rayonda əkin üçün proqnozlaşdırılan 34 min hektardan çox taxıl sahəsinin 1500 hektarına toxumluq sortların əkini nəzərdə tutulub: “Rayonda 2022-ci il taxıl biçinindən sonra şum işlərinə başlanılıb. 25 min 600 hektar sahədə yay şumu aparılıb və torpağın hazırlanması işləri həyata keçirilib. Hazırda 12 min 800 hektara yaxın sahədə səpin işləri aparılıb. Noyabrın sonuna kimi bu işlərin yekunlaşması nəzərdə tutulur”.

Kənd təsərrüfatı 2022-11-29 14:23:00

Video