×
A
A
A
Sazlamalar

Laçın rayonu tezliklə Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Laçının işğaldan azad edilməsindən iki il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və rəşadətli Ordumuzun Qələbəsi Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri işğaldan azad edilmişdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdiyini bildirən deputat burada diqqət çəkən əsas məqamın Laçın da daxil, bəzi rayonlarımızın bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsi olduğunu diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi, Ağdam, Laçın və Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və buna böyük vaxt sərf olunacaqdı.
“Laçın AXC-Müsavat cütlüyünün hakimiyyət uğrunda mübarizəsinin qurbanı oldu. Onu da qeyd edək ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də AXC-Müsavat cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra - mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edirdi. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. AXC-Müsavat cütlüyünün hakimiyyəti isə Laçını nəinki işğaldan azad edə bilmədi, əksinə digər torpaqlarımız da erməni işğalına məruz qaldı. Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi.
Laçın rayonun işğaldan azad olunması da olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Qarabağın dağlıq hissəsi ilə birləşdirən dəhliz rolunu oynayır. Eyni zamanda, rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək”, - deyə A.Məmmədov bildirib.
İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisinin diqqətdə saxlanıldığını diqqətə çatdıran deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.
“Ümumilikdə Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Siyasət 2022-11-29 14:04:00