×
A
A
A
Sazlamalar

“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun təşəbbüsü ilə Azərbaycanda ailə planlaması institutlarının təkmilləşdirilməsi və əhalinin reproduktiv sağlamlığının qorunması məqsədilə “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq: ana ölümünün sıfıra endirilməsinə doğru” layihənin icra olunması məqsədilə fondun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşlarının Lənkərana səfəri olub.
İki il davam edən layihə Azərbaycanın cənub bölgəsində - Lənkəran rayonunda ana ölümünün azaldılması istiqamətində təklif olunan strategiyaları tətbiq etmək niyyətindədir. Pilot layihənin həyata keçirilməsi mərkəzləşdirilən doğum şöbələri olan bir neçə tibb müəssisəsində icra olunacaq. Əsas fəaliyyətlərə tibb personalının potensialının artırılması və maarifləndirmə üzrə təlim və əhali arasında müxtəlif kampaniyaların, eyni zamanda kliniki protokolların və metodik vasitələrin yenilənməsi üçün tövsiyələrin hazırlanması daxildir. Layihəyə bu sahədə beynəlxalq tanınmış ekspertlər rəhbərlik edir. Məqsəd əngəllənə bilən ana ölümü sayının azalmasına nail olmaq və layihəni Azərbaycanın digər regionlarda tətbiq etməkdir.
Layihə çərçivəsində Lənkəran Perinatal Mərkəzinin Doğum şöbəsinə, Lənkəran rayonu 1 və 2 saylı Ailə Sağlamlıq Mərkəzinə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yerləşən Ginekoloji kabinetə işçi qrup tərəfindən yenidən baxış keçirilib.
Layihə üzrə Lənkəran Perinatal Mərkəzin akt zalında “Aseptika və antiseptika qaydaları: xəstəxanadaxili infeksiyalar”, “Erkən nikahlar”, “Hamiləlik zamanı rezus izoimmunizasiya” mövzularında mühazirələr oxunub.
Eyni zamanda, BMT-nin Əhali Fondu tərəfindən uşaqlıq boynu xərçənginin skrininqinin aparılması məqsədilə uşaqlıq boynunun müayinəsində istifadə olunacaq ləvazimat və dərman vasitəsi tibb müəssisəsinə hədiyyə edilib.
Tədbirin sonunda iştirakçılarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Səhiyyə 2022-11-29 13:29:00