×
A
A
A
Sazlamalar

“Caucasus Ventures” Vençur Fondu Azərbaycanla yanaşı regiondakı startaplara da sərmayə qoyacaq

Bakı, 29 noyabr, AZƏRTAC

Yeni yaradılan “Caucasus Ventures” Vençur Fondu ilkin toxum mərhələsində olan startaplara yatırım edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Caucasus Ventures” Vençur Fondunun rəhbəri Məmməd Kərim deyib.
O bildirib ki, maliyyə texnologiyaları, tibbi sahədə olan startaplar, təhsil sahəsində olan texnoloji şirkətlər, bulud texnologiyaları əsaslı, süni intellekt tərkibli və mobil təcrübəsi daha yaxşı olan startaplara yatırımlar olunacaq: “Növbəti 5 il ərzində, sadəcə, Azərbaycanda yox, həm də regiondakı startaplara yatırımlar ediləcək. Fondun üçdə ikisi ölkəmizin startaplarına, digər üçdəbiri isə Orta Asiya və Şərqi Avropa arasında olan startaplara yönləndiriləcək”.
Məmməd Kərim qeyd edib ki, ilkin mərhələdə Fondun investisiya məbləği 11 milyon 300 min manatdır. Bu məbləğin 10 milyon manatı yatırım üçün ayrılıb, müəyyən hissə isə idarəetmə xərclərinə gedəcək: “Üç il ərzində bütün vəsait yatırıldıqdan sonra ikinci, hətta üçüncü fondun yaradılmasını düşünürük. Əlbəttə, bunu fondun rentabelliyi, iqtisadi geridönüşlər və rəqəmlər göstərəcək”.

İKT 2022-11-29 13:21:00