×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC ATU-a istinadla bildirir ki, tədbirdə layihə rəhbəri Vidadi Fətullayev gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan, dövlət qurumlarının bu sahədə apardığı mübarizədən, narkotik vasitələr və zərərli vərdişlərin insan həyatı və cəmiyyətimiz üçün fəsadlarından danışıb, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb. O, ölkə başçısı İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclər üçün bir şüar olduğunu vurğulayıb və tədbirin keçirilməsinə şərait yaratdığına görə universitet rəhbərliyinə təşəkkür edib.
Daha sonra Bakı Şəhər Narkoloji Mərkəzin klinik-psixoloqu Günay Babayeva məruzə edərək narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə iştirakçılara ətraflı məlumat verib. Mütəxəssis “Ağ ölüm”ün əsasən gənclər arasında yayıldığını bildirib, onların hansı mühitdə, necə narkotik vasitələrin təsiri altına düşməsi, cəmiyyətdə özlərini necə aparmaları, davranışları və özlərini bu bəladan necə qorumalarından danışıb.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər və çap materialları paylanılıb.

Səhiyyə 2022-11-29 12:17:00