×
A
A
A
Sazlamalar

Gəncədəki Ticarət mərkəzində kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığı aşkarlanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərinin Ş.Bahəddin küçəsi, 22 ünvanında “Gəncə Bazar” ASC-yə məxsus ticarət mərkəzində yoxlama keçirilib.
Yoxlama zamanı ticarət mərkəzində sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, həmçinin yararlılıq müddəti bitmiş kolbasa məmulatları, mənşəyi məlum olmayan turşu məhsulları və kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığı aşkarlanıb.
Faktlarla əlaqədar müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, yararlılıq müddəti bitmiş və mənşəyi məlum olmayan məhsulların satışının qarşısı alınaraq məhv edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

 

Sosial 2022-11-29 12:12:00