×
A
A
A
Sazlamalar

Əhməd Cavad şeirləri ilə xalqı mütərəqqi cəmiyyət qurmağa səsləyirdi

Lənkəran, 29 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəranın Göyşaban kənd yaradıcılıq evinin və M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, idarənin və tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şairin şah əsəri olan Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Əhməd Cavadın timsalında Azərbaycanın istiqlalı, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Cavadın anadan olmasının 130 illiyi haqqında 2022-ci il 20 aprel tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi, Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeli müəssisələrində də silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. İdarə rəisi Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli istiqlal şairi kimi tanınan Ə.Cavadın yüksək vətənpərvərlik qayəsindən, xalqa, dövlətçiliyimizə sədaqətindən bəhs edib.
Çıxışlarda Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətindən, xalqı milli azadlığa qovuşmağa, mütərəqqi cəmiyyət qurmağa səsləməsindən və türk xalqının böyük şairi olmasından danışılıb.
Daha sonra Göyşaban yaradıcılıq evinin dərnək üzvlərinin və məktəbin şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub.
Tədbirdə Ə.Cavadın şeirləri oxunub, Azərbaycan və qardaş Türkiyənin milli rəqsləri nümayiş olunub, mahnıları səsləndirilib.
Sonda görkəmli şairin həyat və yaradıcılığından bəhs edilən film göstərilib.

Regionlar 2022-11-29 11:05:00