×
A
A
A
Sazlamalar

Rinqdəki məramına döyüş meydanında çatan şəhid

Bakı, 29 noyabr, AZƏRTAC
Qələndərin həqiqi hərbi xidmətə gedəndə çəkilən videogörüntülərində hər kəsin diqqətindən qaçan məqam var idi: o, kövrəlmişdi. Bəlkə də hiss edirdi ki, bu gedişin dönüşü olmayacaq. On səkkiz yaşlı gəncin hissləri onu yanıltmadı. Hərbi xidmətə yollanandan cəmi 9 ay sonra başlayan Vətən müharibəsində ən yüksək zirvəni fəth edənlərdən biri oldu. Öz ayaqları ilə çıxdığı evdən geriyə üçrəngli bayrağa bükülərək çiyinlər üstə gəldi...
AZƏRTAC xəbər verir ki, şəhidin anası Sevda Vəliyeva üçün yeganə oğlunu itirmək çox ağırdır. İki il keçsə də, Qələndərin yoxluğuna hələ də alışa bilmir. "Möcüzə gözləyirəm" deyir Sevda xanım.
Çətin də olsa, AZƏRTAC-ın müxbiri ilə söhbətinə belə davam edir: "Qələndər kikboksinqlə məşğul olurdu. Daxili çempionatlarda dəfələrlə birinci yeri tutub. Beynəlxalq yarışlarda iştirak etmək, xüsusilə erməni idmançıları məğlub edərək qalib olmaq, üçrəngli bayrağımızı yüksəklərə qaldırmaq istəyirdi. Rinqdəki arzusuna savaş meydanında çatdı. Nəinki bir erməni hərbçisini, bir ordunu üstələyərək ən uca zirvəyə yüksəldi.
Onu son dəfə 2020-ci ilin fevralında gördüm. Andiçmə mərasiminə getmişdik. Hərbi geyim ona çox yaraşırdı. Müharibə başlayanda isə doqquz ayın əsgəri idi. Narahat olmayaq deyə döyüşlərdə iştirak etdiyini bizdən gizlətdi. Demək olar ki, tez-tez danışırdıq. Hərbi texnika, silah səsləri eşitsək də "narahat olmayın, hər şey yaxşıdır" deyirdi. Sonuncu dəfə oktyabrın 4-də bizimlə əlaqə saxladı. Həmin gün həm şəkil göndərdi, həm mənimlə iki dəfə danışdı, həm də digər qohumlarla hal-əhval etdi. Ondan sonra Qələndərdən bir daha zəng gəlmədi... Bir həftə sonra isə belə davam etdiyini görüb onu axtarmağa başladıq. Komandirinə zəng vurduq. Qələndər çox vaxt onun telefonu ilə bizimlə əlaqə saxlayırdı. Telefona bacısı cavab verərək komandirin şəhid olduğunu bildirdi. Eşidəndə əlim-ayağım əsdi. İçimdəki səs Qələndərin də şəhid olduğunu desə də, inanmadım. Axtarışları sürətləndirsək də, Qələndəri gördüm deyən olmadı. Adı itkinlər siyahısında idi. Ümid edirdim ki, haradansa salamat tapılacaq. Lakin 52 gündən sonra gələn şəhadət xəbəri ilə sonuncu ümidlərim də öldü. Hələ də inanmıram, deyirəm bir gün qapı açılacaq, Qələndər içəri girib "ana, mən gəldim" deyib boynumu qucaqlayacaq. Bu ümidlə yaşayıram. Son nəfəsimə qədər onun yolunu gözləyəcəyəm".
Xatırladaq ki, Vətən müharibəsi şəhidi Qələndər Alıyev 2001-ci il oktyabrın 31-də Bakı şəhərində anadan olub. 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağırılan Qələndər həmin ilin sentyabrında başlayan Vətən müharibəsinin ilk günlərindən döyüş meydanına atılıb. Füzuli və Ağdərə rayonları, Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edən Qələndər yaşının az olmasına baxmayaraq, şücaəti ilə seçilib. Oktyabrın 7-də Talış-Suqovuşan istiqamətlərində aparılan hərbi əməliyyatların birində şəhadətə yüksəlib. Nəşi 52 gündən sonra tapılaraq 2020-ci il noyabrın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Sosial 2022-11-29 06:13:00