×
A
A
A
Sazlamalar

Sahib Məmmədov: Azərbaycanın İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəsi ötən illə müqayisədə 55,4 faiz artıb VİDEO

İstanbul, 28 noyabr, AZƏRTAC
Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında çox sıx iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr yüksələn xətlə inkişaf edir. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artaraq 7,7 milyard ABŞ dolları təşkil edib. İƏT-ə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı isə 16,5 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun İstanbulda Azərbaycan mediasına açıqlamasında deyib.
Nazir müavininin sözlərinə görə, bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmiz də əlverişli biznes, eləcə də investisiya mühiti mövcuddur. Eyni zamanda, Azərbaycanın coğrafi baxımdan əlverişli mövqeyi, xüsusilə Şimal-Cənub və Şərq-Qərb beynəlxalq marşrutları üzərində yerləşməsi ölkəmizin məhz İƏT-ə üzv ölkələrin iş adamları üçün cəlbediciliyini artırır. Təbii ki, bu da statistikada öz əksini tapıb.
Ölkəmizin İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclasında uğurla təmsil olunduğunu xatırladan nazir müavini qeyd edib ki, 2011-ci ildən etibarən Azərbaycan nümayəndə heyəti bu toplantılarda hər il iştirak edir.

Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

İqtisadiyyat 2022-11-28 17:59:00

Video