×
A
A
A
Sazlamalar

Deputat: Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir

Bakı, 28 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin noyabrın 25-də "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı və bir sıra dövlətlərin elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları Ermənistan və onun havadarlarına, ümumiyyətlə, dünya ictimaiyyətinə bir mesaj idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib.
Son dövrlərdə ölkəmizin çox böyük iqtisadi layihələrə imza atdığını bildirən deputat bu layihələrin uğurla həyata keçirilməsinin əsas amillərindən birinin ölkəmizdə dövlət-xalq birliyinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Dövlətimizin başçısının uğurlu, müdrik siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi, siyasi sahələrdə dost münasibətlər qurmağa müvəffəq olub.
Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir yolu və avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri reallaşdırıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il artmaqdadır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir, ölkəmiz bu marşrut xətlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaradıb. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanıb. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq”, - deyə K.Əliyeva qeyd edib.
Deputat vurğulayıb ki, bu gün Azərbaycan hər cəhətdən qüdrətli dövlətdir. Onun sözlərinə görə, Azərbaycana qarşı bir cəbhədə birləşən nə İran, nə də Ermənistan ölkəmizin regionda həyata keçirəcəyi nəqliyyat-infrastruktur layihələrinə maneçilik törədə bilməz. Ermənistan nə siyasi, nə də iqtisadi cəhətdən müstəqil, suveren bir dövlət deyil. Bu ölkənin ərazisindən heç bir beynəlxalq nəqliyyat xətti keçmir. Ümumiyyətlə, Ermənistanın nəqliyyat şəbəkəsi özünəməxsus deyil. Bu ölkənin nəqliyyat sektoru Rusiyaya məxsusdur. Bu gün Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələri Azərbaycan Rusiya ilə aparır.
Azərbaycanın diplomatik sahədə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələri qurmağa üstünlük verdiyini diqqətə çatdıran deputat deyib: “Azərbaycanın İsraildə səfirlik, Fələstində təmsilçilik ofisi açması sülhə xidmət edən bir addımdır. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması barədə qərar Azərbaycanın bu təşkilatla dostluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Ərəb Liqasına üzv olan dövlətlər işğal dövründə və Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul ediblər. Azərbaycan da öz növbəsində pandemiya dövründə Ərəb Liqası və İƏT ölkələrinə maliyyə və humanitar yardım göstərib. Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq əlaqələri bütün dünyaya bir nümunədir. 2001-ci ildə Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Bəyannaməsi imzalanıb. Hər iki ölkənin silahlı qüvvələri birlikdə hərbi təlimlər həyata keçirirlər”.
K.Əliyeva diqqətə çatdırıb ki, məhz Fransa və Ermənistanın təxribatçı hərəkətləri səbəbindən dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş baş tutmayacaq. Artıq Ermənistanın sülh sazişini imzalamaması üçün vaxt uzatmaq hiyləsi hər kəsə məlum oldu. Fransa və Ermənistan eyni bir siyasət - işğalçılıq siyasəti həyata keçirən dövlətlərdir. Fransanın Afrika dövlətlərində həyata keçirdiyi işğalçılıq, xalqlara qarşı soyqırımı siyasəti bütün dünyaya məlumdur. Bu gün Fransanın Afrikadakı mövqeləri getdikcə zəifləyir. Makron Cənubi Qafqazda Fransanın maraqlarını həyata keçirməyə çalışır. Bu məqsədlə Fransa Prezidenti Ermənistandan bir alət kimi istifadə edir. Makron Fransa vətəndaşları arasında da nüfuzunu itirməkdədir. Sadə vətəndaşları tərəfindən pomidor və yumurta atəşinə tutulan Makronun naşı bir siyasətçi olması göz qabağındadır. Azərbaycan isə hər gün inkişaf edən güclü bir dövlətdir və onun bütün dünya liderlərinin hörmət bəslədiyi İlham Əliyev kimi bir lideri var.
“Konfransda Azərbaycan Prezidentinin İrandakı soydaşlarımıza qarşı edilən haqsızlıqlar barədəki fikirləri hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı, eləcə də bu gün İranda Azərbaycana və azərbaycanlılara qarşı olan qüvvələrə bir mesaj oldu. Bu gün İranda yaşayan 35 milyondan çox azərbaycanlının bir dənə də olsun, məktəbləri yoxdur. Burada azərbaycanlılar Azərbaycan dilini ancaq məişət səviyyəsində öyrənirlər. İranda bir ovuc ermənilər üçün erməni dilində məktəb açmalarına hər cür şərait yaradıblar. Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan bütün dövlətlərlə, o cümlədən, region dövlətləri ilə yanaşı Ermənistanla da sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq niyyətindədir. Prezident İlham Əliyev bir daha Azərbaycan dövlətinin güclü və qüdrətli bir ölkə, Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi”, - deyə Kamilə Əliyeva fikirlərini yekunlaşdırıb.

Siyasət 2022-11-28 15:42:00