×
A
A
A
Sazlamalar

II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin təşkilati dəstəyi, “Uptodate in Medicine” Təşkilatının texniki dəstəyi ilə Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (AZKLMİB) II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı keçirilib.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, konfransın keçirilməsində məqsəd klinik laboratoriya mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə müasir yeniliklərin təqdim edilməsi olub.
Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə, Çin və Moldovadan olan məruzəçilərin də iştirak etdiyi tədbirdə 8 paneldə laboratoriya təbabətinin aktual mövzularına dair 40 məruzə təqdim olunub.
İki gün davam edən konfransda ölkəmizin müxtəlif bölgələrindən 200-dən çox klinik biokimya və klinik mikrobiologiya mütəxəssisi iştirak edib.
Tədbirdə biokimyəvi və mikrobioloji laboratoriyalarda analitik xətalar və onların önlənməsi, kardiologiya, endokrinologiya, nefrologiya, revmatologiya, hematologiya və qatroenterologiyada laborator testlərin, həmçinin skrininq testlərinin tətbiqi, mikrobiologiya və molekulyar genetika sahələrinə dair son elmi nailiyyətlər müzakirə edilib. Konfrans çərçivəsində tibbi laboratoriyaların idarə olunmasında son yanaşmalara həsr olunan panel, eyni zamanda Türkiyə KBUD mütəxəssisləri tərəfindən “Laboratoriyada keyfiyyət əldə etmək üçün şifrələr” kursu təşkil edilib.

 

Səhiyyə 2022-11-28 14:51:00